2 sərbəst güləşçimiz Avropa çempionatında yarımfinala çıxıb
Azərbaycanın iki sərbəst güləşçisi Bakıda keçirilən U-23 Avropa çempionatında yarımfinala yüksəlib.
Mediasport.az xəbər verir ki, Kənan Heybətov (70 kiloqram) və Ali Tsokayev (79 kiloqram) finala vəsiqə uğrunda mübarizə aparacaqlar.
Rəvan Musayev (90 kiloqram) 1/8, Elman Ağayev (57 kiloqram) və Musa Ağayev (65 kiloqram) isə 1/4 finalda məğlub olublar. Onların uduzduqları rəqiblər finala çıxsalar, Azərbaycan təmsilçiləri təsəlliverici qarşılaşmalarda iştirak hüququ əldə edəcəklər.
Qeyd edək ki, Avropa çempionatının ilk 4 günündə Azərbaycan ümumilikdə 9 medal qazanıb.
Ziya Babaşov (63 kiloqram), Xasay Həsənli (77 kiloqram) və Qurban Qurbanov (82 kiloqram) qitə çempionu olublar. Nihad Quluzadə (60 kiloqram) gümüş, Rəşad Məmmədov (55 kiloqram), Ruslan Nurullayev (72 kiloqram), Laçın Vəliyev (87 kiloqram), Murad Əhmədiyev (97 kiloqram) və Ruzanna Məmmədova (59 kiloqram) isə bürünc medala yiyələniblər.