Daha bir güləşçimiz Avropa çempionatında finala çıxdı
Azərbaycanın daha 1 sərbəst güləşçisi Bakıda keçirilən U-23 Avropa çempionatında finala çıxıb.
Mediasport.az xəbər verir ki, Cəbrayıl Hacıyev (74 kq) adını qızıl medal döyüşünə yazdırıb.
O, sabah çempionluq üçün yarışacaq.
Sabah Nürəddin Novruzov (61 kq) və Arseni Cioyev (86 kq) isə bürünc medal uğrunda mübarizə aparacaqlar.
Bu gün yarışa qoşulanlardan Anar Cəfərli (92 kq) 1/4 final, Yusif Dursunov (125 kq) ilk görüşündə məğlub olub.
Bu gün, həmçinin, Azərbaycanın üç sərbəst güləşçisi medal qarşılaşmalarına çıxacaq - Kənan Heybətov (70 kiloqram) və Əli Tsokayev (79 kiloqram) finalda, Rəvan Musayev (97 kiloqram) 3-cü yer uğrunda görüşdə qüvvəsini sınayacaq.
Qeyd edək ki, daha əvvəl 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanan yunan-Roma güləşi üzrə Azərbaycan millisi Avropa çempionu olub. Millinin heyətində Ziya Babaşov (63 kq), Xasay Həsənli (77 kq) və Qurban Qurbanov (82 kq) qitə çempionu adını qazanıb, Nihad Quluzadə (60 kq) gümüş, Rəşad Məmmədov (55 kq), Ruslan Nurullayev (72 kq), Laçın Vəliyev (87 kq) və Murad Əhmədiyev (97 kq) bürünc medal əldə edib.
Bir dəst (1 qızıl, 1 gümüş, 1 bürünc) medalı rəsmiləşdirən qadınlardan ibarət yığmamız isə ilk dəfə komanda hesabında üçüncü yeri tutub. Jalə Əliyeva (57 kq) bütün rəqiblərini məğlub edib, Elnurə Məmmədova (53 kq) gümüş, Ruzanna Məmmədova (59 kq) bürünc medala sahib çıxıb.