64 yaşlı qazaxıstanlı velosipedçinin tur planı: Bakıdan Parisə yol aldı
Qazaxıstanlı velosipedçi Rabbim Baraşov Paris-2024 Yay Olimpiya Oyunlarına həsr etdiyi velotura Bakıdan start verib.
Mediasport.az xəbər verir ki, startdan öncə Respublika Velotrekində media nümayəndələri ilə görüşən R.Baraşov bildirib ki, veloyürüşə COP29 çərçivəsində ətraf mühitin qorunması və iqlim dəyişikliyinə qarşı mübarizəyə dəstək məqsədilə çıxıb.
O bu səfərə 1 ildir hazırlaşdığını vurğulayıb: "Paris çox uzaqdadır. Niyyətim Olimpiya Oyunları başlamazdan əvvəl orada olmaqdır. 64 yaşım var və velosiped həvəskarıyam. Hər kəsi sağlam həyat tərzinə, velosiped sürməyə dəvət edirəm".
Fransa paytaxtına Bakıdan yola düşən Rabbim Baraşovu paytaxtımızdan çıxanadək Azərbaycanın gənc velosipedçiləri müşayiət ediblər.
Veloyürüşçü iki ay yarım ərzində Bakı-Tbilisi-Batumi-Ankara-İstanbul-Sofiya-Budapeşt-Belqrad-Münhen-Paris marşrutu ilə hərəkət edəcək.