Bu şahmatçılar Azərbaycanı dünya çempionatında təmsil edəcəklər
Respublika Şahmat Mərkəzində təşkil edilən şahmatın rapid və blits növləri üzrə kişi və qadınlar arasında Azərbaycan çempionatına yekun vurulub.
Mediasport.az xəbər verir ki, kişilərin yarışında rapid və blits turnirinin yekun nəticəsinə əsasən, 14 xal toplayan Eltac Səfərli ölkə çempionu olub.
Çempiondan yarım xal az toplayan Vüqar Rəsulov ikinci, Məhəmməd Muradlı üçüncü yeri tutub.
Qadın şahmatçıların yarışında isə 12.5 xal toplayan Gülnar Məmmədova qızıl medala layiq görülüb. Eyni xala malik Zeynəb Məmmədyarova əlavə göstəricilərə görə ikinci, Xanım Balacayeva 12 xalla üçüncü pillədə qərarlaşıb.
Azərbaycan çempionatının bağlanış mərasimində qalib və mükafatçılara medal və diplomları Azərbaycan Şahmat Federasiyasının prezidenti, FİDE-nin vitse-prezidenti Mahir Məmmədov və AŞF-nin vitse-prezidenti Faiq Həsənov təqdim ediblər.
Xatırladaq ki, Azərbaycan çempionatının ümumi mükafat fondu 8000 manat təşkil edib.
Qalib və mükafatçılar dünya çempionatında iştirak hüququ əldə ediblər.
Ölkə çempionatlarında ilk 3 yeri tutan şahmatçılar ABŞ-ın Nyu-York şəhərində təşkil olunacaq dünya çempionatına ezam olunacaq.