"Bəzi səhvlərə yol verdim, sabah daha yaxşısını edəcəyəm”
“Azərbaycandakı Dünya Kubokunda ilk dəfədir iştirak edirəm. Halqa ilə yaxşı çıxış etməyimə baxmayaraq, topla çıxışımdan razı qalmadım. Bəzi səhvlərə yol verdim. Ümid edirəm ki, sabah daha yaxşısını edəcəyəm”.
Mediasport.az xəbər verir ki, bu sözləri bədii gimnastika üzrə Azərbaycan millisinin üzvü Kamilla Seyidzadə Bakıda keçirilən Dünya Kubokundakı çıxışı barədə danışarkən deyib.
İdmançı azarkeşlərə arenaya gəlib onları dəstəklədikləri üçün təşəkkür edib:
“Azarkeşlərimizin dəstəyini hiss etmək bizi olduqca sevindirir. Anam da mənim uğurlarımı görmək üçün hər zaman olduğu kimi bu gün buradadır. Karyeramda ən böyük dəstəkçim məhz anamdır. O, mənim nailiyyət əldə etməyim üçün çox əmək sərf edib. Lakin bu sahəyə həvəs göstərməyimdə əsas səbəbkar rusiyalı gimnast Marqarita Mamundur. O, mənim kumirimdir. Ondan çox ilhamlanıram”.
Qeyd edək ki, bu gün start götürən Dünya Kubokuna aprelin 21-də yekun vurulacaq.