"Bilirdik ki, məğlub olsaq, DÇ-yə getmək şansımız qalmayacaq"
Futzal üzrə Azərbaycan yığmasının Eduardu Melo Borgeş Mediasport.az saytına müsahibə verib.
Uzun illərdir komandamızda çıxış edən milliləşdirilmiş təcrübəli braziliyalı əvvəlcə DÇ-2024-ün elit-raundunun seçmə qrup mərhələsi çərçivəsində Niderland üzərində 6:1 hesablı qələbə barədə fikirlərini bildirib
- Bu oyun bizim üçün həyati önəmli matç idi. Çünki bilirdik ki, məğlub olsaq, artıq şansımız qalmayacaq. Ona görə istəkli idik, motivasiyamız yüksək oldu. Bunu meydanda göstərdik. Özünüz də gördüz ki, artıq beşinci dəqiqədə 2:0 öndə idik. Rumıniya ilə görüşdən tam fərqli oldu. Komandamızı təbrik edirəm. Bizə dəstək olmağa gələn azarkeşlərə təşəkkür edirəm. İndi Qazaxıstanla görüşə hazırlaşmalıyıq.
Matçın gedişində rəqib oyunçu səni əl ilə urandan sonra onunla mübahisə edirdin, aqressiv oldun, sarı vərəqə də aldın. Nə baş vermişdi orada?
- Oyundur, olur belə şeylər. Sadəcə o, mənə zərbə vurdu. Mən də rəqibə psixoloji təzyiq göstərməyə çalışdım. Amma dediyim kimi, oyundur, meydanda qaldı. Sonradan hər şey yoluna düşdü.
Səncə, yığmamız dünya çempionatının final mərhələsin vəsiqə qazana biləcək?
- Əlbəttə, qrupdan çıxa bilərik. Əgər biz hər oyunda Niderlandla matçdakı kimi oynasaq, bu, baş verər. Biz yaxşı komandayıq. Niderlandla görüşdə meydanda yaxşı iş gördük. Başqa nəsə deyə bilmərəm. Uşaqları təbrik edirəm, meydanda 100 faizlərini qoydular. Yaxşı pressinq etdik, qışqırırdıq, zərbələr vururduq. Hər oyunda pressinq etmək lazımdır.
Bəs Rumıniyada nə baş verdi ki, gözlənilmədən məğlub olduz?
- Biz orada da yaxşı oynamışdıq. Çoxlu qol epizodları yaratdıq Rumıniyada. Beş dəqiqəyə nə qədər imkanımız var idi. Rumıniyanın qapıçısı bir neçə epizodda komandasını xilas etdi. Qapıda çox yaxşı dayandı. Biz də sonradan yorulduq, çünki çox isti idi. Bir az çətin oldu. Rumıniya da iki qolu "standart"dan vurdu, birini də hədiyyə etdik. Niderlandla matçda isə rəqibə heç nə hədiyyə etmədik və sonda qalib gəldik.
Sanki Niderlandla ilk yarıdan sonra qol vurmaq istəmirdiz.
- Yox, əlbəttə ki, biz qol vurmaq istəyirdik. Qolların sayını artırmaq niyyətindəydik. Sadəcə, artıq birinci hissədə hesab 5:0 olursa, çalışırsan ki, ehtiyatlı oynayıb kart almayasan. Çünki qarşıda yenə oyunlarımız var. Amma biz ikinci yarıda da yaxşı oynadıq, qol epizodlarımız oldu. İkinci yarı Rumıniyaya qarşı keçirilən görüş kimi oldu, qol epizodlarımızı tamamlaya bilmədik.
Elvin