Arif Əsədov yığmaya futbolçu seçimlərinə aydınlıq gətirib
Azərbaycan milli komandasının məşqçisi Arif Əsədov yığmanın qarşıdakı təlim-məşq toplanışının proqramı barədə açıqlama verib.
Mediasport.az xəbər verir ki, mütəxəssis hazırlığa mayın 30-da başlanılacağını deyib.
Heyət seçiminə aydınlıq gətirən Əsədov komanda üzvlərinin hamısının ilk günlərdə bir arada olmayacağını vurğulayıb:
"Bütün ölkələrdə mövsümün sonudur. Azərbaycan Premyer Liqasında da mübarizə iki gün əvvəl bitdi. Qarşıda yalnız ölkə kubokunun final görüşü var. Türkiyədə oynayan futbolçularımız üçün də mövsüm bitdi. Ancaq bəzi oyunçularımızın çıxış etdikləri liqalar davam edir. Yer aldıqları çempionatlarda mövsüm bitən futbolçularımız mayın 30-dan iyunun 1-nə kimi toplanışa qatılacaqlar.
İyunun 2-si istirahət günü olacaq. Ancaq iyunun 3-dən etibarən tam heyətlə təlim-məşq toplanışına başlayacağıq. Azərbaycan Kubokunun finalında oynayacaq “Qarabağ” və “Zirə”nin oyunçuları, eləcə də müdafiəçi Anton Krivotsyuk və hücumçu Musa Qurbanlı iyunun 3-də kollektivə qoşulacaqlar. Yarımmüdafiəçi Emil Mustafayev Bakıya tez gəlsə, mayın 30-dan etibarən məşqlərdə iştirak edə biləcək. Digər yarımmüdafiəçi Coşqun Diniyev və hücumçu Vüsal İsgəndərli bir neçə gündür buradadırlar. Onlar məşqçilərimizin verdiyi əlavə məşq proqramı əsasında hazırlaşırlar".
53 yaşlı məşqçi əlavə edib ki, U-21-in 3 üzvü iyunda Qazaxıstanla keçiriləcək ikinci yoldaşlıq görüşü üçün A milliyə çağırıla bilər:
“Hər mövqeyə iki futbolçu cəlb etməyi məqsədəuyğun bildik. Heç kimin kənarda qalmaması üçün geniş heyət yığmadıq. Heyətdə yer alanların hamısına şans vermək istəyirik. 24 oyunçudan əlavə ehtiyat qüvvə də nəzərdə tutulub. Qapıçı Yusif İmanov, müdafiəçi Cəlal Hüseynov və hücumçu Nəriman Axundzadə iyunun 7-də Slovakiya ilə səfərdə keçiriləcək yoldaşlıq görüşündə 21 yaşadək futbolçulardan ibarət milli komandamızın heyətində olacaqlar. Ehtiyac yaransa, onları Slovakiya ilə qarşılaşmadan sonra A milliyə cəlb edə bilərik".
Arif Əsədov 3 futbolçunun zədə səbəbindən heyətdən kənarda qaldığını sözlərinə əlavə edib:
“Hücumçu Renat Dadaşovda mikrozədə var. İndidən müalicəyə başlamalıdır ki, yeni mövsümə qədər tam hazır ola bilsin. Həkimlə məsləhətləşdikdən sonra onu çağırmamaq və müalicə alması üçün imkan yaratmaq qərarına gəldik. Yarımmüdafiəçi Eddi İsrafilovun da zədə ilə bağlı problemi var. Premyer Liqanın son turundakı oyun “Neftçi” üçün böyük önəm daşıdığından, İsrafilov həmin görüşə iynələrin köməkliyi ilə çıxmışdı. Həm onu, həm də zədəsi olan digər yarımmüdafiəçi Filip Ozobiçi kollektivə cəlb etmədik”.
O, bəzi futbolçuların dəvət edilməməsinə və heyətə 4 qapıçının cəlb olunmasına da aydınlıq gətirib:
“Hücumçu Namik Ələskərov uzunmüddətli zədədən qayıtdıqdan sonra yalnız klubunun son iki oyununda start heyətində meydana çıxmışdı. Hər mövqeyə də 2 oyunçu çağırıldığından, bu dəfə digərlərinə şans verməyi lazım bildik. Ozan Can Kökçü ilə bağlı durum da eynidir. Uzun müddətdir bizimlədir, çoxdandır tanıyırıq. Bu dəfə Vüsal İsgəndərlini sınamaq qərarına gəldik. “Sumqayıt”da iki mərkəz müdafiəçisini diqqətimizdə saxlamışdıq – Murad Xaçayev və Elvin Bədəlov. Bu dəfə Bədəlovu heyətə cəlb etdik. Müdafiənin mərkəzində daha 3 oyunçumuz var. Mövsümün sonu olduğu üçün futbolçularda yorğunluğun olması normaldır. Bunu nəzərə alaraq, hər ehtimala qarşı 4 qapıçıya dəvət göndərmişik. Onlar da klublarının heyətində çox oyun şansı əldə edənlərdir”.
Qeyd edək ki, Azərbaycan milli komandası iyunun 7-də Bakı vaxtı ilə saat 21:00-da Albaniya ilə, 11-də isə saat 18:00-da Qazaxıstanla yoldaşlıq görüşündə qarşılaşacaq. Hər iki oyun Macarıstanın Sombatxey şəhərindəki “Haladas SportKomplexum”da keçiriləcək.