AVRO-2025: Millimizin Türkiyə ilə matçlarının hakimləri açıqlanıb
Futbol üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Türkiyə yığmasına qarşı keçirəcəyi oyunların hakimləri müəyyənləşib.
Mediasport.az xəbər verir ki, B Liqasının I qrupunda mayın 31-də Ərzincanda baş tutacaq görüşü Fransadan olan ədalət təmsilçiləri idarə edəcəklər.
İyunun 4-də Bakıda keçiriləcək qarşılaşma isə danimarkalı hakimlər briqadasına tapşırılıb.
İlk dəfə B Liqasında çıxış edən Siyasət Əsgərovun komandası qrupun əvvəlki iki matçında səfərdə Macarıstanla bərabərə (1:1) qalıb, Bakıda İsveçrəyə məğlub olub (0:4).
Qitə birinciliyinin final mərhələsi 2025-ci il iyulun 2-dən 27-dək İsveçrədə təşkil olunacaq.
Avropa çempionatı. B Liqası. 1-ci qrup
31 may
21:00. Türkiyə - Azərbaycan
Hakimlər: Aleksandra Kollin, Elodie Koppola, Klotilde Brassar, Klemens Qonçalveş (hamısı Fransa).
Ərzincan, 13 Şubat stadionu.
4 iyun
19:00. Azərbaycan - Türkiyə
Hakimlər: Nanna Löf Andersen, Sidsel Rasmussen, Anna Kyaer Şmidt, Frida Klarlund (hamısı Danimarka).
Bakı, "Dalğa Arena" stadionu.