"Hakimlərin oyun ərzində qərarları çox gülünc idi" - Siyasət Əsgərov
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov Avropa çempionatının seçmə mərhələsinin B Liqasının 1-ci qrupunun 3-cü turu çərçivəsində səfərdə Türkiyə yığmasına məğlubiyyəti (0:1) şərh edib.
Mediasport.az xəbər verir ki, mütəxəssis hakim qərarlarından narazı qalıb.
11-metrlik cərimə zərbələrinin verilmədiyini vurğulayan Əsgərov deyib ki, görüşün taleyini həll edən penalti qərarı doğru deyildi:
“İlk növbədə oyuna görə komandamıza təşəkkür edirəm. Qızlar kollektiv olaraq son ana qədər xarakter göstərdilər. Düzdür, birinci hissənin sonunda hesabda geri düşdük. Şəxsi fikrim belədir ki, hakimlərin bəzi epizodlarda qərarları düzgün deyildi. Penalti epizodunu tam görmədim. Ancaq məncə, o cür penalti olmaz. Halbuki həmin ana qədər bizim də yüz faizlik penaltimizi hakim vermədi. Hakimlərin oyun ərzində qərarları çox gülünc idi".
Məşqçi məğlubiyyətə tək səbəbin hakimlər olmadığını da diqqətə çatdırıb:
"Məğlubiyyəti yalnız hakimlərin üzərinə də atmaq istəmirəm. Səhvlərimiz var idi. Səhvlərimizi görməli, onların üzərində işləməliyik. Bu məğlubiyyətin əvəzini Bakıda çıxmaq üçün maksimum çalışmalıyıq. Bu gün tribunalarda xoş görüntü var idi. Həm Azərbaycan, həm də Türkiyə bayraqları dalğalanırdı. Bu cür gözəl görüntülərin qadın futboluna gəlib çatmasına görə çox sevindim. Əlbəttə ki, onlar öz komandalarını daha çox dəstəkləyirdilər. Ancaq sona qədər Azərbaycan bayraqlarını da dalğalandırdılar. Buna görə, gələn azarkeşlərə ölkəm, komandam və öz adımdan təşəkkür edirəm”.
Xatırladaq ki, millim qrupda növbəti matçını iyunun 4-də Bakıda məhz Türkiyə yığmaslna qarşı keçirəcək.
19:00-da başlanacaq qarşılaşma “Liv Bona Dea Arena”da oynanılacaq.