Avropa çempionatında 1/4 final: Millimiz yenə Qazaxıstana uduzdu
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən minifutbol üzrə Avropa çempionatı davam edir.
Mediasport.az xəbər verir ki, Azərbaycan millisi bu gün 1/4 final matçına çıxıb.
Elşad Quliyevin rəhbərlik etdiyi komandamız yarımfinal uğrunda Qazaxıstan kollektivi ilə qarşılaşıb.
Görüşün əsas vaxtı qolsuz başa çatıb. Penaltilər seriyasında 6:7 uduzan millimiz mübarizəni dayandırıb.
Xatırladaq ki, bunadək bütün matçlarında qələbə qazanan futbolçularımız qrupda Belçikanı 3:0, İtaliyanı 2:1, Fransanı 3:1, 1/8 finalda isə Bolqarıstanı 3:1 hesabı ilə məğlub etmişdilər.
Yığmamız ötən il Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xeymə şəhərində təşkil olunmuş dünya çempionatının yarımfinalında da məhz Qazaxıstana uduzmuşdu (2:3).