Azərbaycan Avropa çempionudur!
İspaniyanın Santyaqo de Kompostela şəhərində güləş üzrə U-20 Avropa çempionatı başa çatıb.
MediaSport.az xəbər verir ki, yunan-Roma güləşi üzrə milli komandamız kimi, sərbəst güləş üzrə yığmamız da tarixi uğura imza atıb.
Komandamız Avropa çempionatında 2 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb. Yekunda 143 xal toplayan millimiz komanda hesabında Avropa çempionu olub. Bu nəticə sərbəst güləş üzrə yığmamızın U-20 Avropa çempionatlarında topladığı ən yüksək xaldır.
Arif Abdullayev, Rövşən Hacıyev və Əşrəf Əliyevin rəhbərliyi altında yarışda iştirak edən yığmamızın heyətində Ruslan Abdullayev (57 kq) və Ceyhun Allahverdiyev (61 kq) Avropa çempionu olub. Yusif Dursunov (125 kq) ikinci, Cavidan Əhmədov (70 kq), Sadiq Mustafazadə (79 kq) və Zəfər Əliyev (97 kq) isə üçüncü yeri tutub.
Qeyd edək ki, yunan-Roma güləşində 2 qızıl, 2 gümüş və 2 bürünc medal qazanan yığmamız isə bir neçə gün əvvəl 144 xalla komanda hesabında Avropa çempionu adını təmin edib. Bu nəticə də U-20 Avropa çempionatları tarixində yunan-Roma güləşi üzrə yığmamızın topladığı ən yüksək xaldır. Komandamızın heyətində Elmir Əliyevlə (55 kq) Ruslan Nurullayev (72 kq) qızıl, Davud Məmmədov (77 kq) və Məzaim Mərdanov (130 kq) gümüş, Məraim Muatafayevlə (63 kq) Kənan Abdullazadə (67 kq) isə bürünc medal qazanıb.