Azərbaycan boksçuları Millətlər Kubokunda 7 medal qazanıblar

 Azərbaycan boksçuları Millətlər Kubokunda 7 medal qazanıblar

Azərbaycanın qadın boksçuları Serbiyanın Sombor şəhərində keçirilən Millətlər Kubokunda uğurla çıxış ediblər.

Mediasport.az xəbər verir ki, qız və qadınların mübarizəsində təmsilçilərimiz ümumilikdə 7 medal qazanıblar.

Yığmamız aktivinə 3 qızıl, 1 gümüş və 3 bürünc mükafat yazdırıb.

Məşqçi İlkin Ağayevin rəhbərlik etdiyi komandada Banuçiçək Nəsirli (46 kq) yeniyetmələr, Aynur Mikayılova (54 kq) və Emili Rzayeva (63 kq) gənclər arasında birinci olublar. Onlar finalda müvafiq olaraq, Ema Ancela Zaya (Xorvatiya), Yekaterina Kornilova və Kira Leonovanı (hər ikisi Rusiya) məğlub ediblər.

Böyüklərin yarışında Aynur Rzayeva (81 kq) həlledici görüşdə xorvatiyalı Lusiya Bilobrka uduzmaqla ikinci yeri tutub.

Digər boksçularımızdan Marjona Savriyeva (50 kq), Məhsəti Ağamaliyeva-Həmzəyeva (57 kq) və Şəhla Allahverdiyeva (66 kq) bürünc medal əldə ediblər.

Yığmamız bu nəticə ilə komanda hesabında 3-cü yeri tutub. Emili Rzayeva isə öz yaş qrupunda ən yaxşı boksçu nominasiyasının qalibi olub.

Qeyd edək ki, Millətlər Kubokunda 10 ölkədən 102 boksçu mübarizə aparıb.