Azərbaycan çempionatında 146 idmançı mübarizə aparacaq
Oktyabrın 18-də kişi boksçular arasında Azərbaycan çempionatına start veriləcək.
mediasport.az xəbər verir ki, Boks Mərkəzində təşkil olunacaq yarışda 13 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək.
Çempionata respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 38 komandanın 146 boksçusu qatılacaq. Çempionatda qaliblərin adına oktyabrın 25-də aydınlıq gələcək. Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəni təmsil edəcəklər.
Yarışın baş hakimi Emil Qurbanəliyev olacaq. Döyüşləri yerli referilərlə yanaşı, xarici ədalət təmsilçiləri də idarə edəcəklər. Türkiyə və Özbəkistandan olan 4 hakim İBA-nın 3 ulduz kateqoriyasına, həmçinin dünya çempionatı və Yay Olimpiya Oyunları təcrübəsinə malikdir.