PÜŞK atıldı: Yüksək Liqada 6, 1-ci Liqada 12 klub mübarizə aparacaq
Azərbaycanın futzal üzrə Yüksək və Birinci liqalarında 2024/2025-ci illər mövsümünün püşkü atılıb.
Mediasport.az xəbər verir ki, əvvəlcə komandalara reqlament barədə məlumat verilib.
Yüksək Liqada 6 komanda iştirak edəcək. Onlardan brii debütant "Şuşa" olacaq.
Digər 5 iştirakçı ötən mövsüm çempionatda gücünü sınayıb.
Komandalar 4 dövrə mübarizə aparacaq.
20 turun yekununda ən çox xal toplayacaq kollektiv Azərbaycan çempionu olacaq və ölkəmizi UEFA Çempionlar Liqasının 2025-2026-cı illər mövsümündə təmsil edəcək.
İkinci və üçüncü pillənin sahibinə isə müvafiq olaraq gümüş və bürünc medallar, diplomlar təqdim olunacaq.
Birinci Liqada isə 12 komanda gücünü sınayacaq. Mübarizə 1 dövrədən ibarət olacaq.
11 turdan sonra turnir cədvəlinin “ilk 4-lüy”ündə yer alan komandalar pley-off mərhələsinə yüksələcək.
1-ci yerin sahibi ilə 4-cü, 2-ci pilləni tutan komanda ilə 3-cü sırada yer alan kollektiv qarşılaşacaq.
Bir oyunluq mübarizədə qalib gələn iştirakçılar finalda gücünü sınayacaq. Qələbə qazanan komanda Birinci Liqanın qalibi olacaq.
Komandaya kubok, qızıl medallar və diplomlar veriləcək.
Finalda uduzan komandaya gümüş, pley-off mərhələsinin matçında uduzan və 3-cü yer uğrunda görüşdə qələbə qazanan kollektivə isə bürünc medallar və diplomlar təqdim olunacaq.
Yüksək Liqa. 1-ci tur
22 oktyabr
"Baku Fire" – "Araz-Naxçıvan"
"Şuşa" – "Neftçi İK"
U-19 – "Yasamal Bakı"
Birinci Liqa. 1-ci tur
20 oktyabr
"STAR kargo" – "Xan-Lənkəran"
"Delta" – "Djevo Dəyirman"
"Baku Fire-2" – "Çarşı Bakı"
"Yeni Suraxanı" – "Ulduz"
"Dəstə Ordubad" – "Timsport"
PFL - "Metropoliten"