Azərbaycan güləşçiləri Xorvatiyada turnirində iki medal qazandılar
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə "Zagreb Open" reytinq turniri davam edir.
Mediasport.az xəbər verir ki, yarışın ikinci günündə mübarizəyə qoşulan Azərbaycanın 3 təmsilçisindən ikisi medal qazanıb.
Sərbəst güləş üzrə yığmanın 92 kiloqramda çıxış edən üzvləri fəxri kürsüyə qalxıb. Osman Nurmaqomedov israilli Uri Kalaşnikov (5:0) və slovakiyalı Boris Makoevə (4:0), Abubakr Abakarov isə iranlı Mohammadmobin Azimi (6:5) və gürcüstanlı Luza Tsertsvadzeyə (11:11) qalib gələrək yarımfinala yüksəlib. Yığma üzvləri yarımfinalda qarşılaşıb. Abubakra 6:5 hesabı ilə qalib gələn Osman finala yüksəlib. Nurmaqomedov həlledici görüşdə iranlı Amirhüseyn Firuzpurbanpeyə 4:11 hesabı ilə uduzub və gümüş medalı boynundan asıb. Abakarov isə Makoyevi 9:2 hesabı ilə üstələyərək bürünc medal qazanıb.
Qadın güləşi üzrə millinin üzvü Elnurə Məmmədova (55 kiloqram) macarıstanlı Gerda Terekə 13:3 hesabı ilə qalib gələrək yarımfinala yüksəlsə də, finalın bir addımlığında kanadalı Samanta Stüarta uduzub – 1:12. Elnurə bürünc medal uğrunda görüşdə macarıstanlı Roza Şenttamasi ilə üz-üzə gəlib və “tuş”la məğlub olub.
Qeyd edək ki, yarışın ilk günündə yığmamız sərbəst güləşçiləri 5 medal qazanıblar. Kənan Heybətov (70 kq) qızıl, İslam Bazarqanov (57 kq) və Arseni Cioyev (86 kq) gümüş, Nurəddin Novruzovla (61 kq) Əli Rəhimzadə (65 kq) isə bürünc medala sahib çıxıblar.