Məmmədyarova: "Təcrübəm matçı heç-heçə bitirməyimə kömək etdi"
![Məmmədyarova: "Təcrübəm matçı heç-heçə bitirməyimə kömək etdi"](https://mediasport.az/uploads/images/202502/image_750x_67a498a736ff7.jpg)
"Rəqibim çox güclü şahmatçıdır. Son illərdə yüksək performans göstərir. Milliyə namizəddir. Təcrübəm matçı heç-heçə bitirməyimə kömək etdi".
Mediasport.az xəbər verir ki, bu sözləri Azərbaycanın qadın şahmatçısı Zeynəb Məmmədyarova deyib.
Ölkə çempionatının 1/8 finalında Ayan Allahverdiyeva ilə ikinci görüşdən (0,5:0,5) sonra növbəti mərhələyə vəsiqə qazanan qrossmeyster fikirlərini federasiyanın mətbuat xidməti ilə bölüşüb.
Məmmədyarova rəqibinin güclü şahmatçı olduğunu qeyd edib:
“Son illərdə işlərimlə əlaqədar şahmata çox vaxt ayıra bilmirəm. Buna baxmayaraq, təcrübəmdən istifadə edərək üstünlük qazandım. Gərgin seytnot vəziyyətinə düşməyimə baxmayaraq, düşünürəm ki, təcrübəm matçı heç-heçə bitirməyimə kömək etdi.
1/4 finalda rəqiblər çox güclü olacaq. Əslində hər rəqib güclüdür. İlk turdakından da güclü rəqiblə qarşılaşacağam. Ülviyyə Fətəliyeva ilə indiyə qədər olan oyunlarda nəticələrimə baxsaq, düşünürəm ki, xal üstünlüyü məndədir. Bir mərhələ adladıq. Hər ikimiz növbəti mərhələyə hazırlaşacağıq”.
Qeyd edək ki, Zeynəb Məmmədyarova 1/4 finalda Ülviyyə Fətəliyeva ilə üz-üzə gələcək.