Azərbaycan idmançıları Avstriyada 1 qızıl və 1 bürünc medal qazandılar
İnsbrukda keçirilən Taekvondo üzrə açıq Avstriya çempionatı başa çatıb.
mediasport.az xəbər verir ki, Azərbaycan millisi "G1" kateqoriyalı beynəlxalq yarışda 1 qızıl və 1 bürünc medal qazanıb.
Böyük məşqçi Elnur Amanovun rəhbərliyi altında çempionatda çıxış edən yığmamızın heyətində Cavad Ağayev (74 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 1/32 finaldan mübarizəyə başlayan dünya çempionatının mükafatçısı ardıcıl olaraq Ukrayna, Almaniya, Xorvatiya və Qazaxıstan idmançılarını məğlub edərək finala yüksəlib. O, həlledici görüşdə də qazaxıstanlı taekvondoçuya qalib gələrək, Avstriyada Azərbaycan himnini səsləndirib.
Komandamızın aktivinə digər mükafatı Taleh Süleymanov (87 kq) yazdırıb. Reytinqinə görə ilk mərhələdən azad olan idmançı mübarizəyə 1/8 finalda Polşa təmsilçisi ilə başlayıb. İnamlı qələbə qazanan Süleymanov daha sonra Qazaxıstan idmançısından da güclü olub. O, yarımfinalda xorvatiyalı taekvondoçu ilə döyüşüb və rəqib qələbə qazandığından Taleh bürünc medala sahib olub.