Azərbaycan idmançısı İspaniyada Avropa çempionu oldu
İspaniyanın San Sebastian şəhərində təşkil edilən sahil avarçəkməsi üzrə Avropa çempionatında 4000 metr məsafəyə yürüşlərin qalibləri müəyyənləşib.
mediasport.az xəbər verir ki, Azərbaycanı qitə birinciliyində təmsil edən Diana Dimçenko mübarizəyə yarımfinal mərhələsindən başlayıb.
Ukraynalı legionerimiz bu mərhələdə ən yaxşı nəticəni göstərib. 4000 metr məsafəni 22 dəqiqə, 56.72 saniyəyə qət edən idmançı finiş xəttinə birinci çataraq əsas finala vəsiqəni təmin edib.
Diana həlledici yürüşdə də uğurla çıxış edərək ən yaxın rəqibi, ispaniyalı Qonzales Karotanı 5 saniyə qabaqlamaqla sahil avarçəkməsi üzrə Avropa çempionu olub.
O, sahil avarçəkməsi üzrə Avropa çempionu adına layiq görülən ilk Azərbaycan təmsilçisidir.