“Prezident Kuboku-2024” növbəti dəfə ECA-nın təqviminə daxil edilib
Avropa Kanoe Assosiasiyası (ECA) “Prezident Kuboku-2024” beynəlxalq reqatasını ikinci dəfə rəsmi təqvim planına daxil edib.
Mediasport.az xəbər verir ki, təsdiqlənmiş təqvimə əsasən, iştirakçı komandalar Bakıya aprelin 29-da gələcəklər.
Bir gün sonra Mingəçevirdə “Prezident Kuboku-2024” beynəlxalq reqatasının rəsmi açılış mərasimi və parad təşkil olunacaq.
Mayın 1-i Suqovuşan su anbarında bir nəfərlik kayak və kanoe üzrə 200 metr məsafəyə yarışlar keçiriləcək. Reqata mayın 2-3-də Mingəçevirdə yerləşən “Kür” Olimpiya Tədris və İdman Mərkəzində (OTİM) davam edəcək. Eyni gündə yarışların final görüşləri keçiriləcək.
ECA həmçinin Azərbaycanda avarçəkmə üçün uyğun olan yeni su hövzəsinin təqdimatının olacağı barədə məlumat verib. Mayın 4-də işğaldan azad olunan Füzuli rayonunda yerləşən Köndələnçay su anbarının açılış mərasimi baş tutacaq.
Xatırladaq ki, “Prezident Kuboku-2023” beynəlxalq reqatası da Avropa Kanoe Assosiasiyasının rəsmi təqvim planına daxil edilmişdi.