Bakıda ənənəvi Federasiya Kuboku yarışları keçirilib
Bakıda Azərbaycan Yelkən Federasiyasının təşkilatçılığı və ASCO (Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi) QSC-nin dəstəyi ilə "SFA Federasiya Kuboku 2023" yarışları keçirilib.
Mediasport.az xəbər verir ki, yarışlar Optimist, ILCA və Windsurf sinifləri üzrə 22-24 sentyabr tarixləri arasında “Ramada by Wyndham Baku” sahilində yerləşən SFA yelkən mərkəzində baş tutub.
Mükafatlandırma mərasimində Optimist üzrə dünya çempionatına və ILCA 4 üzrə Avropa çempionatına qatılmış millimizin üzvlərinə, cari il üzrə yay məktəbinin iştirakçılarına, komandaya yeni seçilən idmançılara və "SFA Federasiya Kuboku 2023"-ün qaliblərinə kubok, diplom və sertifikatlar təqdim olunub.
Tədbirdə Azərbaycan Yelkən Federasiyasının prezidenti Qüdrət Qurbanov, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi, Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini Zaur Nağıyev və federasiyanın vitse-prezidenti Burcu Alqon Corcianni çıxış ediblər.
Həmçinin 2022-ci il üzrə Federasiya Kubokunu qazanan idmançıların adları xatirə lövhəsində əks olunub.
Qeyd edək ki, "SFA Federasiya Kuboku” altıncı ildir ənənəvi şəkildə keçirilir.