Azərbaycan ilk dəfə Avropa Kuboku turnirinə ev sahibliyi edəcək

Azərbaycan ilk dəfə Avropa Kuboku turnirinə ev sahibliyi edəcək

Azərbaycan ilk dəfə cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku turnirinə ev sahibliyi edəcək.

Azərbaycan Cüdo Federasiyasından mediasport.az saytına verilən məlumata görə, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunacaq yarış mayın 6-sı və 7-də Göygöl Olimpiya İdman Kompleksində keçiriləcək.

Avropa Cüdo Birliyinin (EJU) rəsmi təqvimində olan turnirdə 20 ölkədən (Türkiyə, Gürcüstan, İsrail, Polşa, Monqolustan, Fransa, Portuqaliya və s.) 300-ə yaxın idmançı iştirak edəcək.

Avropa kuboku regionda təşkil edilən cüdo üzrə ilk rəsmi beynəlxalq statuslu yarışdır. Yarışın təşkili cüdo idman növünün ölkəmizin regionlarında kütləviləşdirilməsi, həmçinin uşaqlar və yeniyetmələr arasında populyarlaşdırılmasına müsbət təsir göstərəcək. Eyni zamanda, turnirin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunması onun Azərbaycanın güclü idman ölkəsi kimi tanıdılması baxışına sadiqliyi göstərir.

Azərbaycan Cüdo Federasiyası növbəti illərdə də Avropa kuboku yarışının ölkəmizdə ənənəvi şəkildə təşkil edilməsi ilə bağlı Avropa Cüdo Birliyi ilə əməkdaşlıq etməyə davam edəcək.