Azərbaycan komandası İspaniyada tarixi nəticə göstərdi
Azərbaycan “Port of Baku” badminton komandası İspaniyanın Ovyedo şəhərində keçirilən Klublararası Avropa çempionatında tarixi nəticəyə imza atıb.
MediaSport.az xəbər verir ki, komandamız yarışda bürünc medal qazanıb.
Aqil Qəbilov, Nərmin Hüseynova, Həcər Nuriyeva, Era Maftuha, Məhəmməd Kadafi və Diki Pangestudan ibarət komanda qrup mərhələsində “Rekreativo” (İspaniya) və “Balozi” (Latviya) klubları ilə qarşılaşıb.
İlk görüşündə İspaniya təmsilçisinə 1:4 hesabı ilə uduzan “Port of Baku” ikinci görüşdə Latviya klubuna eyni hesabla (4:1) qalib gələrək, Klublararası Avropa çempionatında 1/4 finala yüksəlib. Bu mərhələdə Portuqaliyanın “Laqoense” klubu ilə üz-üzə gələn təmsilçimiz 5 setin yekununda 3:2 hesablı qələbə qazanaraq, yarımfinala yüksəlməklə bürünc medalı təmin edib.
Azərbaycan təmsilçisi debüt mövsümündə finalın bir addımlığında Klublararası Avropa çempionatının qalibi İtaliyanın “Matex Marabadminton” klubuna 0:3 hesabı ilə məğlub olub.