Azərbaycan və BƏƏ klubları əməkdaşlıq müqaviləsi bağlayıb
2022-ci ilin ikinci yarısında fəaliyyətə başlayan "Difai Ağsu" beynəlxalq müstəviyə çıxıb.
Mediasport.az xəbər verir ki, cari mövsümdən Azərbaycan 1-ci Liqasında mübarizə aparan Qarabağ qazilərinin təmsilçisi xarici əlaqələrini gücləndirmək istiqamətində daha bir addım atıb.
"Fədailər" Türkiyə Superliqası təmsilçisi "Alanyaspor"dan sonra Birləşmiş Ərəb Əmirliklərinin 2-ci Liqa klubu "Royal"la əməkdaşlığı razılaşdırıblar.
"Difai Ağsu"nun prezidenti Asəf Məlikov və icraçı direktor Samir Ələkbərli bu məqsədlə Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) olub. Dubaya səfər edən rəsmilər klub prezidenti Məhəmməd Bağdadi ilə görüşüblər.
Tərəflər arasında uzunmüddətli əməkdaşlığa dair müqavilə imzalanıb. Klublar birgə təlim-məşq toplanışlarının və yoldaşlıq görüşlərinin keçirilməsi, o cümlədən, futbolçu mübadiləsi məsələlərində razılığa gəliblər.