Azərbaycan yığması 4 qızıl və 3 bürünc medalla 2-ci oldu - AÇ-2023
Azərbaycanın sərbəst güləş millisi Albaniyanın paytaxtı Tiranada keçirilmiş U-17 Avropa çempionatında komanda üzrə topladığı xala görə ikinci yeri tutub.
MediaSport.az xəbər verir ki, 155 xal toplayan yığmamızın 10 üzvündən 7-si medal qazanaraq qitə birinciliyində fəxri kürsüyə qalxıb.
4 qızıl və 3 bürünc medal əldə edən milli komandamız medalların əyarına görə, bütün ölkələri qabaqlayıb. Müqayisə üçün qeyd edək ki, millinin ən yaxın izləyicisi olan Gürcüstan 2 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb.
Xatırladaq ki, Azərbaycan yığmasının heyətində Cəfər Cəfərov (45 kq), Hacı Kərimov (55 kq), Camal Abbasov (60 kq) və Yusif Dursunov (110 kq) Avropa çempionu olub. Seyhun Əlizadə (51 kq), Mirzəağa Axundov (65 kq) və İsmayıl Rəhimli (71 kq) isə üçüncü yeri tutub.