Cüdoçularımızdan Zaqreb Qran-prisinin ilk günündə 3 medal
Azərbaycan cüdoçuları Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-pri turnirinin ilk gününü 1 gümüş və 2 bürünc medalla başa vurublar.
Mediasport.az xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan Əhməd Yusifov gümüş medal qazanıb.
Eyni çəkidə yarışan Turan Bayramov 3-cü yeri tutub.
66 kq çəkidə qüvvəsini sınayan Ruslan Paşayev də fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Bu çəkidə digər təmsilçimiz Nazir Talıbov ilk mərhələdə İsaya Ramiresə (ABŞ) qalib gəlsə də, 1/8 finalda gürcüstanlı Tenqo Ziraqaşviliyə uduzaraq mübarizəni dayandırıb.
Qadınların mübarizəsində Aydan Vəliyeva (52 kq) 1/8 finalda kosovolu Erza Muminoviqini məğlub edib. 1/4 finalda Roza Qyertyasa (Macarıstan) uduzan idmançımız bürünc medal uğrunda təsəlliverici görüşdə ispaniyalı Lapuerta Komasa qalib gəlsə də, 3-cü yer uğrunda dueldə Tereza Bodnarova (Çexiya) ilə bacarmayıb.
Xatırladaq ki, komandamız sentyabrın 15-dək davam edəcək Qran-priyə 10 cüdoçu ilə yolanıb.