Azərbaycanın daha bir cüdoçusu dünya çempionatının finalında

Azərbaycanın daha bir cüdoçusu dünya çempionatının finalında

Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində cüdo üzrə dünya çempionatı davam edir.

Mediasport.az xəbər verir ki, bu gün mundialda Azərbaycanın son idmançısı mübarizəyə qoşulub.

100 kq çəki dərəcəsində yarışan Zelim Kotsoyev mübarizəyə ikinci mərhələdən başlayıb. O, ilk görüşündə Yunq-Hun Vonqu (Cənubi Koreya) məğlub edib.

Kotsoyev 1/8 finalda israilli Peter Palçik, 1/4 finalda Nikoloz Şerazadişvilidən (İspaniya) güclü olub.

Yarımfinalda portuqaliyalı Jorj Fonseka üzərində də qələbə qazanan idmançımız dünya çempionluğu döyüşündə kanadalı Şadi Elnahasla qarşılaşacaq.

Xatırladaq ki, İndiyədək milli üzvlərindən yalnız Hidayət Heydərov (73 kq) medal qazanıb. 4-qat Avropa çempionumuz dünya çempionu tituluna yiyələnib.

Azərbaycan yarışda 11 cüdoçu ilə təmsil olunur.

Digər təmsilçilərimiz - 48 kq-da Leyla Əliyeva, 57 kq-da Acelya Toprak, 60 kq-da Balabəy Ağayev, Turan Bayramov, 66 kq-da Yaşar Nəcəfov, Kamran Süleymanov, 81 kq-da Zelim Tçkayev, 90 kq-da Elcan Hacıyev və Vüqar Talıbov ümidləri doğrultmayıblar.

Mundiala mayın 24-də yekun vurulacaq.