Azərbaycan yığmasının atıcısı Bakıda dünya çempionu oldu
Azərbaycan milli komandasının atıcısı Bakıda dünya çempionu olub, digər təmsilçimiz gümüş medal qazanıb.
mediasport.az xəbər verir ki, qadın idmançılarımız bu uğura 25 metr məsafəyə mərkəzə tapançadan atəş növündə imza atıblar.
Yığma üzvlərindən Nigar Nəsirova qızıl, Nərminə Səmədova gümüş mükafata sahib çıxıb. Üçüncü yeri monqolustanlı Xişiqderger Enxbat tutub.
Kişilərin eyni növdə mübarizəsində Almaniyanı təmsil edən Kristian Reytz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Estoniyalı Peeter Olesk gümüş, sloveniyalı Joze Çeper isə bürünc medal qazanıb. Kişilərin komanda növündə Almaniya birinci, Cənubi Koreya ikinci, Hindistan üçüncü olub.
Qeyd edək ki, Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatı 2018-ci ildən bəri dünyada bu yarış üzrə baş tutan ən kütləvi idman tədbiridir. Yarışda dünyanın 100-dən artıq ölkəsindən 2000-dək idmançı və nümayəndə iştirak edir.
Nigar Nəsirova atıcılıq tariximizdə stend atıcısı Zemfira Meftəhəddinovadan sonra dünya çempionu olan 2-ci idmançımızdır. 2001-ci ildə Misirin paytaxtı Qahirədə qazanılan uğur 22 il sonra təkrarlandı.
Maraqlıdır ki, Nəsirova 2022-ci ildə məhz Misirin paytaxtı Qahirədə keçirilən Dünya çempionatında 50 metr məsafəyə atəşaçmada bürünc medal qazanmışdı.