Azərbaycanlı hakim və supervayzer EEVZA çempionatına təyinat alıblar
Azərbaycan Voleybol Federasiyasının (AVF) əməkdaşlıq üzrə meneceri Nərgiz İsmayılova və Beynəlxalq dərəcəli voleybol hakimi Eldar Zülfüqarov növbəti dəfə təyinat alıblar.
Mediasport.az xəbər verir ki, onlar 18 yaşadək oğlanlar arasında Gürcüstanın Telavi şəhərinə keçiriləcək Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında iş başında olacaqlar.
Zülfüqarov dekabrın 5-9-u aralığında təşkil olunacaq yarışda ədaləti qoruyacaq. İsmayılova isə turnirdə supervayzer kimi hakimlərin işinə qiymət verəcək.
Qeyd edək ki, yarışda Azərbaycan, Gürcüstan, Latviya, Ukrayna, Estoniya və Polşa komandaları iştirak edəcək.