Millimizin üzvü: "İnanıram ki, Avropa çempionatında uğurlu çıxış edəcəyik"

Millimizin üzvü: "İnanıram ki, Avropa çempionatında uğurlu çıxış edəcəyik"

“Beşinci dəfə Avropa çempionatına qatılacağam. Buna görə çox qürurluyam”.

mediasport.az xəbər verir ki, bunu qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Yuliya Kərimova federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.

35 yaşlı libero komandada əhvali-ruhiyyənin yüksək olduğunu bildirib: “Məşqlərimiz ciddi şəkildə davam edir. Bu il yeni baş məşqçimiz var. O, məşqləri fərqli formada və fərqli taktika ilə keçir. Avropa çempionatına hazırlığımız dörd mərhələdən ibarətdir. Təlim-məşql toplanışına Azərbaycanda start verdik, sonra Bosniya və Herseqovinaya yollandıq. Ardınca Bakıya qayıtdıq və hazırlığı burada davam etdiririk. Sonuncu mərhələni isə Sloveniyada keçəcəyik. Oradan da qitə birinciliyində iştirak etmək üçün Almaniyaya gedəcəyik”.

Yuliya Kərimova Avropa çempionatına hazır olduqlarını söyləyib: “Hazırlıq prosesi çərçivəsində yoxlama oyunları keçiririk. Bu qarşılaşmalar oyunumuzun daha yaxşı alınmasına çox kömək edir. İnanıram ki, Avropa çempionatında uğurlu çıxış edəcəyik. Yarışda komandamızın uğurlu çıxış etməsi üçün həmişəki kimi əlimdən gələni edəcəyəm”.

Qeyd edək ki, Avropa çempionatına avqustun 15-dən sentyabrın 3-dək Belçika, İtaliya, Almaniya və Estoniya ev sahibliyi edəcək. Azərbaycan millisi Çexiya, Almaniya, Yunanıstan, İsveç və Türkiyə ilə birlikdə C qrupunda mübarizə aparacaq.