Bakı birinciliyi start götürüb

Bakı birinciliyi start götürüb

Boks üzrə yeniyetmələr arasında Bakı birinciliyi start götürüb.

ABF-dən Mediasport.az saytına verilən məlumata görə, Boks Mərkəzində keçirilən yarışda paytaxtın 32 klub və idman cəmiyyətinin 202 boksçusu mübarizə aparacaq.

Döyüşlərdən öncə birinciliyin açılış mərasimi təşkil olunub. Tədbirdə çıxış edən Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin idman sektorunun müdiri Rəşad Əliyev yarışın əhəmiyyətindən danışıb. O, paytaxtın yeniyetmə boksçularının gələcəkdə Azərbaycan millisinin heyətinə düşəcəyinə və burada uğur qazanacağına inam ifadə edib. 

Azərbaycan Boks Federasiyası prezidentinin müşaviri Samir Hüseynov ölkəmizdə yeni nəsil boksçuların yetişməsini sevindirici hal adlandırıb. O, bu il Sloveniyada məktəblilər arasında Avropa birinciliyində də yığmamızın kifayət qədər yüksək nəticələr əldə etdiyini, 2 qızıl və 2 bürünc medal qazandığını deyib:

“Boksçularımızın güclü potensialı var. Biz bu il regionlarda da zona yarışlar təşkil etmişik. Bakıda da boksçularımızın inkişafı üçün əlimizdən gələni edəcəyik. Əsas hədəf Azərbaycan bayrağını ən yüksək zirvələrdə ucaltmaqdır”. 

Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra yarış açıq elan olunub. 

Çempionatda final döyüşləri oktyabrın 14-də keçiriləcək.