"Erməninin gözlərinə də baxanda hiss edirdim ki, məndən çəkinir"
“Hazırda yaxşı formadayam və İtaliyaya yollanarkən də özümə inanırdım. Püşk məni çox çətin rəqiblərlə üz-üzə qoymuşdu. Keçirdiyim 4 görüşün hər birində güclü və titullu boksçularla döyüşdüm”.
Mediasport.az xəbər verir ki, bu sözləri Azərbaycan Boks Federasiyasına açıqlamasında Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan millimizin boksçusu Nicat Hüseynov (51 kq) deyib.
İkiqat Avropa çempionumuz Fransa paytaxtına vəsiqə qazandığı İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirində çıxışını dəyərləndirib. O bildirib ki, yarışa yollananda yalnız bir məqsədi olub:
“Komandamız çox yaxşı hazırlıq keçmişdi. Məqsədim yalnız yarımfinala yüksəlmək və Vətənə lisenziya ilə dönmək idi. Döyüşlərimə gəlincə, hər biri çətin keçdi. Startda dünya çempionatının hindistanlı bürünc medalçısı Deepak Deepakı, ardınca mundialın gürcüstanlı finalçısı, Avropa çempionu Sahil Alahverdovini mübarizədən kənarlaşdırdım”.
Hüseynovun sözlərinə görə, 1/8 finala daha rahat çıxıb və Avropa çempionatının ikincisi olan erməni Rudolf Qarboyanla görüşdə qələbə qazanacağına arxayın olub:
“Çünki U-22-lər arasında Avropa çempionatının finalında ona bir dəfə qalib gəlmişdim. Gözlərinə də baxanda hiss edirdim ki, məndən çəkinir. Yekunda inamlı döyüşlə mərhələ adladım”.
Nicat 1/4 finalda isə Rosko Hillə (ABŞ) əzmkarlığı sayəsində qalib gəlib: “Ona birinci raundda uduzduqdan sonra özümü toparladım. Hillədək ən güclüləri məğlub etmişdim. Ağlımda ancaq qələbə və lisenziya qazanmaq idi. Şükürlər olsun ki, dünya çempionatının daha bir finalçısına qarşı əzmkarlıq göstərdim və qələbə qazandım”.
Yığmanın lideri artıq Paris-2024-ə hazırlaşacağını vurğulayıb: “Hədəfim daha yaxşı forma yığıb, Azərbaycana boksda ilk qızıl medalı qazandırmaqdır. Olimpiadada ancaq çempionluq barədə fikirləşirləşəcəm”.
Qeyd edək ki, Hüseynovdan öncə III Avropa Oyunlarında Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) Olimpiadada iştirakını rəsmiləşdirib.