"Araz-Naxçıvan" 17-ci dəfə Azərbaycan çempionu oldu, "Baku Fire" bürünc medalı 23 qolla qazandı

"Araz-Naxçıvan" 17-ci dəfə Azərbaycan çempionu oldu, "Baku Fire" bürünc medalı 23 qolla qazandı

Futzal üzrə Azərbaycan Yüksək Liqasında 2022/2023-cü illər mövsümünün qalibi məlum olub.

mediasport.az xəbər verir ki, 16-qat Azərbaycan çempionu "Araz-Naxçıvan" final qarşılaşmasında "Neftçi" ilə üz-üzə gəlib.

Naxçıvan təmsilçisi 4:1 hesablı qələbə sayəsində tarixində 17-ci dəfə ölkə birinciliyinin qızıl medallarını qazanıb.

Üçüncü yer uğrunda matç isə "qol yağışı" ilə yadda qalıb. Teymur Eyvazovun rəhbərlik etdiyi "Baku Fire" "Rekord"un qapısından 23 top keçirməklə bürünc medallara yiyələnib - 23:3.

Oyunların ardından mükafatlandırma mərasimi keçirilib. Final görüşünün hakimləri – Hikmət Qafarlı, Knyaz Əmiraslanov və Əli Cəbrayılov və hakim-inspektor Murad Məmmədova diplom verilib.

“Baku Fire"in hücumçusu Oktay Rüstəmli (36 qol) çempionatın bombardiri olub. “Araz-Naxçıvan”dan Emin Kürdov ən yaxşı qapıçı, “Neftçi”dən Namiq Məmmədkərimov ən yaxşı oyunçu, “Baku Fire”in çalışdırıcısı Teymur Eyvazov isə ən yaxşı baş məşqçi seçilib. 

Mükafatları Azərbaycan Futzal Federasiyasının prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü Zaur Axundov, AFFA-nın baş katibi Sərxan Hacıyev və Neftçi İdman Klubu İB-nin idarəetmə aparatının rəhbəri Sadıq Sadıqov təqdim ediblər.