Azərbaycan Tələbə Liqasında birinci dövrəyə yekun vurulub

Azərbaycan Tələbə Liqasında birinci dövrəyə yekun vurulub

Azərbaycanda ilk dəfə təşkil olunan ali təhsil müəssisələrinin tələbələri arasında futzal üzrə Tələbə Liqasında 1-ci dövrə başa çatdırılıb.

Mediasport.az xəbər verir ki, keçirilən oyunların nəticələrindən sonra ilk və ikinci "altılıq"da qərarlaşan kollektivlər müəyyənləşib.

Yarışın A və B qruplarında ən çox xal toplayan Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Milli Aviasiya Akademiyasının komandaları birinci “altılıq”da, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı Slavyan Universiteti, Bakı Mühəndislik Universiteti, Bakı Dövlət Universitetinin komandaları isə ikinci “altılıq”da mübarizəni davam etdirəcəklər.

Liqanın 2-ci dövrəsinin ilk oyunları tələbələrin qış imtahan sessiyasından sonra, fevral ayının ikinci ongünlüyünə təsadüf edəcək.

Azərbaycan Texniki Universitetinin idman kompleksində 12 ali təhsil müəssisəsinin komandalarının mübarizə apardığı yarışa 2024-cü ilin may ayında yekun vurulacaq.

Qeyd edək ki, Azərbaycan Tələbə Liqası Elm və Təhsil Nazirliyi və Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və AFFA-nın dəstəyi ilə keçirilir.

Liqanın keçirilməsində məqsəd ali təhsil müəssisələrinin tələbələri arasında futzal idman növünün təbliğ edilməsi, onlar arasında perspektivli idmançıların aşkar edilməsi, bu idman növünə marağın artırılması, tələbələrdən ibarət futzal üzrə yığma komandanın formalaşdırılmasından ibarətdir.