Baş katib milli üzvlərinin DÇ-dəki biabırçı çıxışı haqda danışdı
Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu Dünya çempionatında biabırçı çıxışları ilə yadda qalan milli cüdoçuların nəticəsizliyinə münasibət bildirib.
mediasport.az xəbər verir ki, federasiya rəsmisi Qətərin paytaxtı Dohada keçirilən mundialda 13 idmançıdan yalnız 1-nin medal qazanmasının federasiya üçün uğursuz nəticə olduğunu etiraf edib.
“Bu, bizi qane edə bilməz. Uğursuzluğun səbəbləri çox önəmlidir. Bəzən müxtəlif fikirlər də səsləndirilir, bəlkə həmin görüşlərə belə, baxmayıblar" deyən Rəşad Rəsullu qadın idmançılara da maksimum diqqət ayrıldığını bildirib:
“Kişilərə yaradılan şərait onlar üçün də təmin edilir. Onlardan ikisi yarışda debüt edirdi. Biz qadınlardan medal gözləmirdik, indiki çıxışlarını qənaətbəxş hesab edirik. Sonadək döyüşürlər və mübarizə aparırlar. Əminik ki, qadınlardan ibarət yığma nəticələrini daha da artıracaq”.
Qeyd edək ki, yeni başa çatmış Dünya çempionatında cüdoçulardan yalnız 100 kq çəkidə yarışan Zelim Ktsoyev bürünc medal qazanıb.