Federasiyanın baş katibi millimizin fiaskosunu uğursuzluq saymır!
Azərbaycan Cüdo Federasiyasının Baş katibi Rəşad Rəsullu federasiyanın rəsmi saytının təqdimetmə mərasimində jurnalistlərə açıqlama verib.
mediasport.az xəbər verir ki, qarşıda duran vəzifələr, yarışlar, yığma komanda və.s. prioritet haqda danışan qurum rəsmisi oktyabrın əvvəlində Özbəkistanda keçirilmiş Dünya çempionatında fiaskoya uğramış cüdoçularımızın çıxışlarını uğursuzluq hesab etmədiyini bildirib.
- Dünya çempionatından 4 həftə vaxt keçib. Bu, səhvlərin üstündə işləmək üçün böyük müddətdir. Onların Bakıdakı Böyük Dəbilqədə iştirakı əvvəldən bəlli idi. Məşqlərini edirdilər. İştirak etməmələri üçün heç bir səbəb yoxdur. Bu, həm də məşqçilər heyətinin qərarıdır. Dünya çempionatı ilə Əbu-Dabidəki Böyük Dəbilqə arasında vaxt az idi. Bəzi idmançılarımız mundialdan birbaşa ora getmişdilər. Bakıda güləşmək onlar üçün əlavə motivasiya olacaq.
Vurğulayaq ki, az müddət əvvəl Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən Dünya çempionatına 10 idmançı ilə qatılan Azərbaycan yalnız iki medal qazanmışdı: Hidayət Heydərov və Zelim Kotsoev yalnız “bürünc”lə kifayətlənmişdilər.