Gənc bədii gimnastların növbəti təlim-məşq toplanışı keçirilir
“Ocaq Sport” klubu, İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbi (BGM), Respublika Kompleks İdman Məktəbi və Su İdman Sarayını təmsil edən bədii gimnastların iştirakı ilə Milli Gimnastika Arenasında təlim-məşq toplanışı start götürüb.
Mediasport.az xəbər verir ki, fevralın 3-dək davam edəcək hazırlığın əsas məqsədi gimnastların gələcəkdə keçiriləcək yarışlara yüksək səviyyədə hazır olmasıdır.
Bədii gimnastika üzrə məşqçi Nəzrin Cəfərzadə bildirib ki, idmançılar burada alətin hazırlığı, eləcə də xoreoqrafiya və rəqs növləri üzrə məşqlər keçirlər.
“Ocaq Sport” klubunun xoreoqrafiya üzrə məşqçisi Məlik Həsənovun sözlərinə görə, hazırlığın əsas məqsədinin azyaşlı gimnastların milli komandanın təlim-məşq toplanışı keçdiyi yerlə tanış olmasıdır. O, yeddi gündür davam edən hazırlığa 70 gimnastın qoşulduğunu söyləyib.
Qeyd edək ki, təlimlərdə gənc idmançılar təcrübəli məşqçilərin rəhbərliyi altında gürzlər, top, halqa və lentlərlə müxtəlif gimnastika və rəqs hərəkətlərini yerinə yetirirlər.