Bəhlul Mustafazadə: "Vəziyyət heç də ürəkaçan deyil"

Bəhlul Mustafazadə: "Vəziyyət heç də ürəkaçan deyil"

Azərbaycan milli komandasının müdafiəçisi Bəhlul Mustafazadə Mediasport.az saytına müsahibə verib.

- Oyun heç də pis olmadı. Matçın bəzi hissələrində bərabər səviyyədə oyun getdi. Əlimizə düşən fürsətlərdən yaralansaydıq, nəticə fərqli ola bilərdi. Rəqibin gücü bəllidir. Amma biz də əlimizdən gələni etməyə çalışdıq.

Həyəcan var idi?

- Yox. Bu cür komandalara qarşı həyəcan olmur. Çünki qarşımızdakı oyunçular bəllidir. Bacardığımız qədər oyundan zövq almağa çalışdıq.

Komandanın qrupdakı vəziyyəti haqda nə deyə bilərsən? Nəyə ümid edək?

- Əlbəttə ki, vəziyyət heç də ürəkaçan deyil. Bəlkə də daha çox xallar yığa bilərdik. Amma rəqiblərin gücünü də bilirsiz. Bacardığımız qədər daha çox xal qazanmağa çalışırıq.

 İki gün sonra İordaniya ilə yoldaşlıq oyunu var. Bu matç futbolçulara nə dərəcədə faydalı olacaq?

- Düşünürəm ki, bu oyun milli formasını az geyinmiş futbolçular üçün şans ola bilər. Start heyətinin necə olacağını bilmirəm. Oynamayanlar üçün test oyunu olacaq.

CAS "Əl Əyn" klubuna sənin transferinlə bağlı "Sabah"ın xeyrinə qərar çıxardı. Bu haqda nə deyə bilərsən?

- Bəli, məlumatım var. Bu məsələ iki ildən çox çəkdi və CAS bizim xeyrimizə qərar çıxardı.

Bir milyon dollarlıq məbləğdən söhbət gedir. Həmin puldan sənə də çatacaq?

- Kluba ödəniləcək məbləğ ayrıdır, mənə ödəniləcək məbləğ ayrı. Məbləği deməsəm, yaxşı olar.