Beynəlxalq turnirdə ölkəmizi təmsil edəcək güləşçilər müəyyənləşib
Sabah Türkiyənin Antalya şəhərində güləş üzrə “Yaşar Doğu & Vehbi Əmrə” turnirinə start veriləcək.
Mediasport.az xəbər verir ki, martın 10-dək davam edəcək ənənəvi yarışda ölkəmizi 2 komanda təmsil edəcək.
Yunan-Roma güləşi üzrə millinin üzvləri məşqçilər Kamran Məmmədovla Zöhrab Abbasovun rəhbərliyi altında güləşəcək. Qarşıdakı 2 gündə Fərid Sadıxlı, Tural Mehtiyev (hər ikisi 55 kq), Nihad Quluzadə, Elmir Əliyev, İlkin Qurbanov (hamısı 60 kq), Ziya Babaşov (63 kq), Urfan Həsənli (72 kq), Tuncay Vəzirzadə (82 kq) və Laçın Vəliyev (87 kq) xalçaya çıxacaq.
Turnirin son iki günündə məşqçilər Taymuraz Kokoyevlə Əşrəf Əliyevin rəhbərliyi sərbəst güləşçilər mübarizə aparacaqlar. Heyətdə Ceyhun Allahverdiyev (61 kq), Zirəddin Bayramov, Murad Haqverdiyev, Musa Ağayev (hamısı 65 kq), Maqomed-Başir Xaniyev, Sabir Cəfərov (hər ikisi 70 kq), Cəbrayıl Qadjiyev, Murad Yevloyev (hər ikisi 74 kq), Əşrəf Aşırov, Ramiz Həsənov (hər ikisi 79 kq), Şamil Zubairov, Abdulcəlil Şabanov (hər ikisi 92 kq) və Qadjimurad Maqomedsaidov (97 kq) yer alıb.
Yarışda beynəlxalq dərəcəli hakimlərimizdən Əli Babayev və Elgün Məmmədov ədaləti qoruyacaq.