Bu, şahmat deyil" - Azərbaycan milli komandasının baş məşqçisi
Mediasport.az yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının baş məşqçisi Aleksandr Tarakanovun federasiyanın mətbuat xidmətinə müsahibəsini təqdim edir:
Avropa Olimpiya Təsnifat turnirinə hazırlıq necə gedir?
– Vladiqafqazda yüksək səviyyədə təlim-məşq toplanışı keçdik. Rusiya, Azərbaycan, Qırğızıstan, Serbiya və Gürcüstandan olan heyətin birgə hazırlıq prosesi baş tutdu. Çox faydalı ümumi fiziki hazırlıq və xalça üzərində taktiki-texniki çalışmalar oldu. Toplanış o qədər yaxşı keçdi ki, hətta Bakıya qayıtdıqdan sonra istirahətə də ehtiyac duymadım. Buna şərait yaratdığı üçün federasiya rəhbərliyinə minnətdarlığımı bildirirəm. Zədəlilərimiz olmasaydı, həmin toplanışda daha geniş tərkibdə iştirak edərdik. Bakıda lisenziya turnirinə son hazırlıq prosesini bir neçə komandayla birgə keçəcəyik. Ancaq komandanın yarışa neçə faiz hazır olduğunu indi deyə bilmərəm.
Heyətdə zədəli güləşçilərin olduğunu qeyd etdiz. Bu, işinizə nə dərəcədə mane olur?
– Bu idman növündə zədələnməmək mümkünsüzdür. Çünki bu, şahmat deyil. Hətta şahmatçının da bəzən başı hərlənir. Güləş ağır idman növüdür. Burada fiziki yüklənmə çox olur. Güləş həm də sürətli idman növüdür, hər şeyi tez etməlisən. Funksional, fiziki və texniki hazırlığın eyni vaxtda qaydasında olmalıdır ki, çempion ola biləsən. Avropada yunan-Roma güləşində rəqabət güclüdür. Ola bilər, hansısa idmançı Avropa çempionatında pis nəticə göstərsin. Ancaq bu, onun zəif güləşçi olduğunu göstərmir. Əminəm ki, onlar Bakıdakı yarışa çox yaxşı hazırlaşacaqlar.
Komandada ab-hava necədir?
– Əhval-ruhiyyə yüksək səviyyədədir. Hamı lisenziya turnirinə köklənib. Yarışda iştirak edəcək hər bir güləşçi Olimpiadaya vəsiqə qazanmağa çalışacaq.
Yarışda iştirak edəcək heyəti müəyyənləşdirmisiz?
– Heyəti artıq müəyyənləşdirmişik. Ancaq hələ ki, açıqlamırıq. Son toplanışda hər çəkidə 2 nəfəri nəzərdə tutaraq məşqlərimizi keçəcəyik. Əsas heyətdə nəzərdə tutduğumuz güləşçi zədələnsə, həmin çəkidəki digər idmançımız onu əvəzləməyə hazır olsun. Gözlənilməz hadisələrə hazır olmalıyıq.
Bu yarışın evimizdə və doğma azarkeşlər önündə keçirilməsini komandamız üçün üstünlük saymaq olar?
– Bir tərəfdən bunu bizim lehimə qiymətləndirmək olar. Digər tərəfdən güləşçilərə fərqli təsir göstərə bilər. Kim üçünsə adrenalin rolunu oynayacaq, kiməsə isə təzyiq yaradacaq. Bunun öhdəsindən gəlmək üçün psixoloji hazırlıq yüksək səviyyədə olmalıdır. Bu yarışa hazırlıq prosesi çərçivəsində bəzi güləşçilərimizin psixoloq yardımına ehtiyacı var. Ola bilər hansısa güləşçinin ustalıq səviyyəsinə söz ola bilməz, amma psixoloji cəhətdən zəifliyi ona problem yaradar. Məhz psixoloq dəstəyi sayəsində olimpiya çempionu ola bilər.
Ən çox hansı çəkidə lisenziya qazanacağımıza inanırsız? Hansı kateqoriya sizdə narahatlıq yaradır?
– Bunu demək çətindir. Yarış göstərər. Turnirdən öncə proqnoz verməyi xoşlamıram.
Sonda güləş azarkeşlərinə nə demək istərdiniz?
– Bütün azarkeşləri bu yarışa dəvət edirəm. İzləsinlər və güləşçilərimizə dəstək olsunlar. Həm yunan-Roma, həm qadın, həm də sərbəst güləş üzrə millinin üzvlərinə öz doğmaları kimi azarkeşlik etməyə çağırıram. Dəstək olun və qələbələrimizə sevinin.