"Bəzi matçlarda qol vursam da, komandaya xeyir verməyib"
"Yaxşı komandaya qarşı oynayacağıq. Bolqarıstan millisinin yaxşı hücumçuları var. Çalışacağıq ki, öz oyunumuzu göstərib, qələbə qazanaq".
Mediasport.az xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının kapitanı Emin Mahmudov deyib.
Təcrübəli futbolçu "FİFA series - Edition 2024" turniri çərçivəsində baş tutacaq Azərbaycan - Bolqarıstan görüşü barədə jurnalistlərin suallarını cavablandırıb.
Milli komandada yerli mütəxəssislə çalışmaq yaxşıdır, yoxsa xarici məşqçiylə?
- Mən yerli ilə də işləmişəm, xarici ilə də. Hamı ilə münasibətim yaxşı idi. Keçmiş məşqçilərə qarşı nəsə demək istəmərəm. İkisi də yaxşıdır.
Monqolustanla matçda çox qol epizodlarından istifadə edə bilmədiz, amma tənqidləri də qəbul etmirsiz.
- Kim dedi ki, tənqidi qəbul etmirik, mən qəbul etmirəm?
Söhbət komandadan gedir.
- Biz hamımız tənqidləri qəbul edirik.
Bolqarıstanla oyunda uğursuz nəticə olsa, nə deyəcəksiz?
- Motivasiya sarıdan problem yoxdur. Heç vaxt olmayıb. Maksimumu edəcəyik ki, yaxşı oyun göstərək. Hər oyun vacibdir. Başa düşürük ki, Monqolustan kimi komandalara çox qol vurmalıyıq. Alınmadı.
Sabah səndən qol gözləyək?
- Gözləyək. Əsas komandanın qalib gəlməsidir.
Milli tarixində yeni bombardir ola bilərsən.
- Motivasiya həmişə olmalıdır. Rekordu qırmaq asan iş deyil. Bir qolum qalıb. Çalışacam ki, qolum xeyir versin. Bəzi matçlarda qol vursam da, komandaya xeyir verməyib.
Millətlər Liqasında bizimlə eyni qrupda yer almış Qazaxıstan millisi Avropa çempionatının pley-off mərhələsinə çıxdı. Biz nə vaxt bu addımı atacağıq?
- Bir az çətin sualdır. Azərbaycan futbolunda dərinə getməlisən ki, biləsən niyə onlarda alınır, bizdə yox. Biz Qazaxıstanı səfərdə də uda bilərdik. Daha yaxşı oyun göstərdik. Onlar qalib gələrək motivasiya ilə davam etdilər, qrupu yaxşı keçdilər. Biz o oyunu yaxşı oynasaydıq, bizdə də yaxşı şanslar olardı. Amma deyə bilmərəm ki, Qazaxıstan bəxt sayəsində oralara gedib çıxdı. İşləyiblər, yaxşı oyun göstəriblər. Qazaxlar kimi eyni nəticənin bizdə də olmasına çalışacağıq. Amma bunun nə vaxt olacağını deyə bilmərəm. Çox istəyərdim ki, yaxın gələcəkdə olsun.