Hakimi söyən futbolçuya 4 oyun cəza, klubuna 4500 manat cərimə
"Qəbələ" Azərbaycan Premyer Liqasının 20-ci turunda "Neftçi"yə uduzub (1:3).
Mediasport.az xəbər verir ki, AFFA-nın İntizam Komitəsi həmin oyundan sonra hakimi təhqir edən "Qəbələ"nin futbolçusu Əyyub Allaşı 4 oyunluq cəzalandırıb.
Belçikalıya 3 ay sınaq müddəti təyin edilib, "qırmızı-qaralar" 3000 manat cərimələnib.
Bölgə təmsilçisinin digər futbolçusu Zurab Oçiqava birbaşa qırmızı vərəqə aldığı üçün bir oyunluq diskvalifikasiya edilib. "Qəbələ" bu səbəbdən 800 manat ziyana düşüb.
Eyni zamanda, komandanın 5 üzvü sarı vərəqə ilə cəzalandığı üçün bölgə klubu əlavə olaraq 700 manat ödəməli olacaq.
"Sabah"ın oyunçusu Elvin Camalov 1 matçlıq cəzalanıb. Buna səbəb onun "Zirə" ilə görüşdə (1:0) ikinci sarı vərəqə alaraq meydandan qovulması olub.
"Kəpəz" də 700 manat cərimələnib. "Sarı-göylər"in 5 futbolçusu "Qarabağ"a 1:2 hesabı ilə uduzduqları oyunda sarı vərəqə ilə cəzalı duruma düşmüşdülər.