"Biz qələbəyə layiq idik, elə qalib də gəldik" - "Malmö"nün baş məşqçisi
"Malmö"nün baş məşqçisi Henrik Ridström UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsinin "Qarabağ"la oyunundan sonra (2:1) mətbuat konfransında iştirak edib.
Mediasport.az xəbər verir ki, çalışdırıcı öncə oyunla bağlı fikirlərini bölüşüb, daha sonra jurnalistlərin suallarını cavablandırıb:
"Çətin oyun olacaqdı. Həqiqətən, elə oldu. "Qarabağ" çox güclü, gözəl komandadır. Yaxşı oyunçuları var. Elə anlar oldu ki, çox çətinlik çəkdik. Komandamın oyunundan razıyam. Biz qələbəyə layiq idik, elə qalib də gəldik".
"Reyncers"lə oyunla müqayisədə bu dəfə nə fərqli oldu?
- Bu gün daha yaxşı müdafiə olunduq. Topla çox soyuqqanlı hərəkət etdik. Oyunun sonunda rəqib bizi sıxdı. Ona qədər hücumlarımız kəsərli idi, "Qarabağ"ı çox hallarda müdafiəyə oturmağa məcbur edirdik.
Belə olacağını ehtimal edirdiniz?
- Çox çətin oyun olacaqdı. "Qarabağ" güclüdür. Oyun planını elə qurduq ki, əks-hücumları nəzarətdə saxladıq. "Reyncers"lə oyundan razı deyildim. Bu gün daha məntiqli oynadıq.
"Qarabağ"ın forvardı Musa Qurbanlı "Yurqorden"də bir sezon oynayıb geri qayıtdı. Sizcə, bir azərbaycanlının Skandinaviya futboluna öyrəşməsi üçün nə lazımdır?
- Demək çətindir. Skandinaviya ölkələrində fiziki aspektdən hazır olmalısan. Bu gün texniki məqamlar nəzərə çarpdı. Amma Norveç və İsveçdə fiziki hazırlıq tələb olunur.