Cüdoçularımız 12 medalla Avropa Kubokunda birinci yeri tutublar
Latviyanın paytaxtı Riqa şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kuboku turnirində iştirak edən Azərbaycan cüdoçuları uğurla çıxış ediblər.
Federasiyadan Mediasport.az saytına verilən məlumata görə, idmançılarımız 4 qızıl, 3 gümüş və 5 bürünc medal qazanıblar.
Komandamız medal əyarına görə ümumi hesabda və oğlanlar arasında birinci yeri tutub.
İki gün davam edən yarışda Azərbaycan oğlanlar arasında 7 çəki dərəsində 16 cüdoçu ilə təmsil olunub.
Cüdoçularımız turnirin ilk günündə 3 qızıl, 1 gümüş və 3 bürünc medal əldə edib. Turnirin ikinci günündə oğlanlar arasında -73 kq., -81 kq. və +90 kq. çəki dərəcələrində 7 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.
-73 kq. çəkidə Cəsur İbadlı yarışın bürünc medalına sahib olub. Eyni çəki dərəcəsində yarışan digər cüdoçumuz Əhməd Mehdiyev 7-ci yerdə qərarlaşıb.
-81 kq. çəki dərəcəsində Əli Qazıməmmədov gümüş medal, Mehdi Abbasov isə bürünc medal qazanıb.
+90 kq. çəkidə final görüşündə iki cüdoçumuz Sübhan Axundov və Rəsul Səmədli qarşılaşıb. Nəticədə Sübhan Axundov qızıl medal əldə edib.