Daha 2 güləşçimiz Avropa çempionu olub, 2-si finala çıxıb
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında yunan-Roma güləşi yarışına yekun vurulub.
Mediasport.az xəbər verir ki, son gündə finala çıxan 3 pəhləvanımızdan daha 2-si Avropa çempionu olub, 1-i gümüş medal qazanıb.
Nihat Məmmədli (60 kq) və Həsrət Cəfərov (67 kq) həlledici dueldə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Finalda məğlub olan Ülvü Qənizadə (72 kq) isə ikinci yeri tutub.
Bu gün mübarizəyə qoşulan qadın güləşçilər Mariya Stadnik (50 kq) və Alyona Kolesnik (59 kq) də adlarını finala yazdırıblar. Təmsilçilərimi sabah qızıl medal uğrunda görüşlərdə müvafiq olaraq Evin Demirhan (Türkiyə) və Alina Filipoviçlə (Ukrayna) qarşılaşacaqlar.
Qeyd edək ki, ötən gün digər yunan-Roma güləşçilər Murad Məmmədov (63 kq) qızıl, Rəşad Məmmədov (55 kq) gümüş, Beka Kandelaki (130 kq) isə bürünc medal qazanıblar.
Azərbaycan qitə birinciliyində 25 güləşçi ilə təmsil olunur.