DÇ: İspaniyadakı turnirdə ölkəmizi 25 güləşçi, 2 hakim təmsil edəcək
İspaniyanın Pontevedra şəhərində güləş üzrə U-20 dünya çempionatı keçiriləcək.
Mediasport.az xəbər verir ki, 2-8 sentyabrda keçiriləcək turnirdə 700-ə yaxın idmançı mübarizə aparacaq.
Öncə böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədovla Zöhrab Abbasovun rəhbərliyi altında yunan-Roma güləşçilərimiz - Rahim Həsənov (55 kq), Tural Əhmədov (60 kq), Məhəmməd Şükürzadə (63 kq), Təvəkgül Həziyev (67 kq), Ruslan Nurullayev (72 kq), Davud Məmmədov (77 kq), İsmayıl Rzayev (82 kq), Cocu Səmədov (87 kq), Mikayıl İsmayılov (97 kq) və Məzaim Mərdanov (130 kq) xalçaya çıxacaqlar.
Daha sonra böyük məşqçi Rövşən Umudovla məşqçi Solmaz Adilovanın rəhbərliyi altında qadın güləşçilərimiz - Aysel Məmmədzadə (50 kq), Əsmər Cankurtaran (53 kq), Nərgiz Səmədova (55 kq), Ruzanna Məmmədova (59 kq), Günay Qurbanova (62 kq) mübarizəyə qoşulacaqlar.
Dünya çempionatının sonlarında böyük məşqçi Arif Abdullayev, məşqçilər Rövşən Hacıyevlə Nazim Əlicanovun tapşırıqlarını sərbəst güləşçilər - Bəşir Verdiyev (57 kq), Camal Abbasov (61 kq), Ayxan Abdullazadə (65 kq), Omar Gülməmmədov (70 kq), Ağanəzər Novruzov (74 kq), Emin Qocayev (79 kq), Sadiq Mustafazadə (86 kq), Anar Cəfərli (92 kq), Xetaq Karsanov (97 kq), Yusif Dursunov (125 kq) yerinə yetirməyə çalışacaqlar.
Dünya çempionatında 1-ci kateqoriyalı hakimlərimiz Elman İsmayılovla Bəşir İsazadə ədaləti qoruyacaq.