Daha dörd veteranımız dünya çempionatında medal qazanıb
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilən veteranlar arasında dünya çempionatının ikinci günündə cüdoçularımız 1 gümüş və 3 bürünc medal qazanıblar.
Mediasport.az xəbər verir ki, ikinci yarış günündə M1 və M3 yaş kateqoriyaları üzrə 17 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.
M1 yaş kateqoriyası üzrə +100 kq çəkidə Qurban Məmmədli gümüş medal əldə edib.
M3 yaş kateqoriyası üzrə -66 kq çəkidə Elçin Mayılov, -81 kq çəkidə Zülfüqar Hüseynov və -100 kq çəkidə Nizami Məmmədov bürünc medala layiq görülüblər.
Qeyd edək ki, yarışın ilk günündə M7 yaş kateqoriyası üzrə -90kq-da Fərhad Rəcəbli və M6 yaş kateqoriyası üzrə +100 kq-da Azər Əsgərov dünya çempionu olub, M8 yaş kateqoriyası üzrə -100 kq.-da Arif Qasımov isə 3-cü yeri tutub.
Ölkəmizi 49 veteran cüdoçu təmsil edir.