Qurban Qurbanov rəsmilərlə birlikdə cüdo zalının açılışında iştirak etdi
Zaqatala rayonunda Gənclər və İdman Nazirliyi Uşaq-Gənclər-İdman Məktəbinin cüdo zalı təmir edilərək istifadəyə verilib.
mediasport.az xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov, Zaqatala rayonu İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibi Rəşad Rəsullu, “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov və digər rəsmi şəxslər cüdo təlim mərkəzində yaradılan şəraitlə tanış olublar.
Məlumat verilib ki, ACF tərəfindən yüksək səviyyədə təmir edilən cüdo təlim mərkəzinin ümumi sahəsi 293 m2 təşkil edir və orada sahəsi 184 m2 təşkil edən bir “dojo”(cüdo məşq zalı) var. Cüdo məşq zalı Beynəlxalq Cüdo Federasiyasının rəsmi təchizatçısı olan “Taishan” firmasının tatamiləri ilə təchiz olunub.
Təlim mərkəzində valideynlər üçün gözləmə zalı və idmançılar üçün bütün zəruri şərait təmin edilib. Mərkəzdə məşqçi otağı və idmançılar üçün soyunub-geyinmə otaqları mövcuddur.
Ümumi sahəsi 80 m2 təşkil edən fiziki hazırlıq zalı cüdo idman növü üzrə fiziki hazırlıq məşğələləri üçün vacib olan zəruri avadanlıqlarla təchiz edilib.
Burada ay ərzində 200 nəfərə qədər uşaq, yeniyetmə və gənc cüdo idman növü ilə məşğul ola biləcək.
Qeyd edək ki, regionlarda cüdo idman növü üzrə infrastrukturun yaxşılaşdırılması və təkmilləşdirilməsi ACF-in müəyyən etdiyi əsas fəaliyyət istiqamətlərindən biridir.