Daha iki boksçumuz Olimpiya Təsnifat Turnirində mərhələ adlayıb
Azərbaycan millisinin daha iki boksçusu İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirində mərhələ adlayıb.
Mediasport.az xəbər verir ki, Zeynəb Rəhimova (54 kq) 1/32 finalda əlcəzairli Fatma Zöhrə Hacalanı mübarizədən kənarlaşdırıb.
İdmançımız rəqibinə 3:1 (29:28, 30:27, 29:29, 30:27, 28:29) hesabı ilə qalib gəlib.
O, növbəti qarşılaşmada ilk mərhələdən azad olan Aqerie Bayevlə (Efiopiya) üz-üzə gələcək. Görüş martın 7-də keçiriləcək.
Ümid Rüstəmov (57 kq) isə qələbəni vaxtından əvvəl təmin edib. Boksçumuz Nəvvaf Əlzəhmini (BƏƏ) ilk raundda nokauta uğradıb.
Rüstəmov 1/16 finalda Bakari Hassanla (Keniya) qarşılaşacaq. Döyüş martın 8-də baş tutacaq.
Qeyd edək ki, yarışın ilk günündə boksçumuz Nicat Hüseynov (51 kq) da qələbə qazanaraq mərhələ adlayıb.