“Dirçəliş Kuboku” minifutbol turnirinin açılış mərasimi keçirildi

 “Dirçəliş Kuboku” minifutbol turnirinin açılış mərasimi keçirildi

Qarabağ Dirçəliş Fondunun (QDF) təşəbbüsü və təşkilatçılığı, Veysəloğlu Şirkətlər Qrupunun baş sponsorluğu ilə keçiriləcək “Dirçəliş Kuboku” xeyriyyə minifutbol turnirinin rəsmi açılış və püşkatma mərasimi keçirilib.

Mediasport.az xəbər verir ki, mərasimdə turnirdə iştirak edəcək dövlət qurumlarının, şirkətlərin, eləcə də futbol ictimaiyyətinin nümayəndələri, QDF-in donor və tərəfdaşları, tanınmış idmançılar və jurnalistlər iştirak ediblər.

İlk olaraq “Dirçəliş Kuboku” xeyriyyə minifutbol turnirinin təqdimat videosu tədbir iştirakçılarına nümayiş etdirilib.

Açılış nitqi ilə çıxış edən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev turnirlə bağlı geniş məlumat verib.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərimizdə bərpa və yenidənqurma işlərinin sürətlə davam etdirildiyini deyən İdarə Heyətinin sədri bildirib ki, “Dirçəliş Kuboku” xeyriyyə minifutbol turniri də məhz Qarabağın bərpasına töhfə vermək, eyni zamanda insanlar arasında ianə mədəniyyətini təşviq etmək, ölkəmizdə futbolun inkişafı və insanlar arasında sağlam həyat tərzinin təbliği məqsədilə təşkil olunub.

Tədbirdə çıxış edən Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Talıbov, “Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Osman Karakuş və əslən Qarabağdan olan tanınmış futbolçu, eyni zamanda turnirin səfiri olan Qara Qarayev turnirin əhəmiyyətini qeyd etməklə yanaşı, onun yüksək səviyyədə təşkil olunacağına əminliklərini ifadə ediblər.

Çıxışlardan sonra tədbirin keçirilməsinə dəstək verən sponsor və tərəfdaşlara Qarabağ Dirçəliş Fondu adından xüsusi plaketlər və “Təşəkkür Sertifikatları”, turnirin rəsmi səfiri seçilən tanınmış futbolçu Qara Qarayevə isə turnirin xüsusi döş nişanı təqdim olunub.

Sonra “Dirçəliş Kuboku” xeyriyyə minifutbol turnirinin püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticəsində turnirdə çıxış edəcək 40 komanda hər birində 10 komanda olmaqla 4 qrupa bölünüblər. 

Tədbirdə turnirin rəsmi www.Revivalcup.az saytı ilə bağlı da məlumat verilib. Qeyd olunub ki, bu gündən etibarən ilk turun oyun cədvəlini və ümumilikdə, turnirlə bağlı bütün məlumatları həmin sayta daxil olaraq əldə etmək mümkün olacaq.

Məlumat üçün bildirək ki, “Dirçəliş Kuboku” xeyriyyə minifutbol turniri Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi, Veysəloğlu Şirkətlər Qrupunun baş sponsorluğu, “Azərlotereya” ASC-nin tərəfdaşlığı və “CBC Sport” telekanalının informasiya dəstəyi ilə keçirilir. 

40 komandanın iştirakı ilə start veriləcək və bir neçə ay davam edəcək turnirdə ölkəmizdə fəaliyyət göstərən dövlət qurumlarının və şirkətlərin komandaları iştirak edəcəklər.

Qarabağ Dirçəliş Fonduna turnirin baş sponsoru Veysəloğlu Şirkətlər Qrupu tərəfindən 50 min manat, turnirin tərəfdaşı olan “Azərlotereya” ASC tərəfindən 40 min manat, turnirdə iştirak edən komandalar tərəfindən 58.500 manat ianə edilib. Beləliklə, ümumilikdə turnirdən 148.500 manat vəsait əldə edilib.

Turnirin keçirilməsindən əldə olunan vəsait Qarabağ Dirçəliş Fondunun sifarişi ilə işğaldan azad edilmiş Füzuli şəhərində salınacaq Füzuli Mərkəzi Parkının ərazisində idman meydançalarının tikintisinə yönəldiləcək.