Dördilliyin ən möhtəşəm futbol yarışı - futbol bayramı bu gün başlayacaq

Dördilliyin ən möhtəşəm futbol yarışı - futbol bayramı bu gün başlayacaq

Bu gün dördilliyin zirvə yarışı - əsl futbol bayramı - dünya futbolunda hər zaman ən böyük səbir və maraqla gözlənilən Dünya Kubokunun final mərhələsi start götürəcək.

Tarixdə ilk dəfə müsəlman ölkəsində fərqli fəsildə - payız/qış mövsümündə təşkil olunacaq 22-ci Dünya çempionatının açılış oyunu Bakı vaxtilə 20:00-a təsadüf edəcək.

Qətər DÇ-yə ev sahibliyi edəcək 18-ci ölkədir. Beş ölkə bu sevinci iki dəfə yaşayıb - İtaliya (1934, 1990), Fransa (1938, 1998), Braziliya (1950, 2014), Meksika (1970, 1986) və Almaniya (1974, 2006). Uruqvay, İsveçrə, İsveç, Çili, İngiltərə, Argentina, İspaniya, ABŞ, CAR və Rusiya hərəyə bir dəfə ev sahibi olubsa, tarixdə yalnız bir dəfə - 2022-ci ildə iki ölkənin təşkilatçılığı ilə keçirilib - Yaponiya və Cənubi Koreya.

Bu gün də ənənəyə uyğun olaraq, təntənəli açılış mərasimindən sonra meydana ev sahibi komanda çıxacaq. Beləcə, milyonların həsrətlə gözlədiyi futbol bayramına A qrupunun Qətər - Ekvador qarşılaşması ilə start veriləcək.

Matç Əl-Xor şəhərində yerləşən və 60 min azarkeş tutumuna malik  "Əl Beyt" stadionunda oynanılacaq. Mundialın açılış görüşündə ədaləti təcrübəli italiyalı FİFA hakimi Daniele Orsato qoruyacaq.

Qrupda yer alan digər milli komandalar - Niderland və Seneqal yığmalarının dueli sabah gerçəkləşəcək.

Bu bayramı səbirsizliklə gözləyən azərbaycanlı futbolsevərlər bütün oyunları DÇ-2022-nin rəsmi yayım tərəfdaşı İTV ("İctimai" tv) kanalından canlı izləyə bilərlər.


Dünya Kuboku-2022. Final mərhələsi. 1-ci tur

A qrupu

20:00 Qətər - Ekvador

Baş hakim: Daniele Orsato (İtaliya)

Yan xətt hakimləri: Çiro Karbone, Alessandro Callatini (Hər ikisi İtaliya)

Dördüncü hakim: İştvan Kovaç (Rumıniya)

Əl Xor, "Əl Beyt" stadionu.


DÇ-2022. Qrupların tərkibi

A qrupu: Qətər, Ekvador, Seneqal, Niderland

B qrupu: İngiltərə, İran, ABŞ, Uels

C qrupu: Argentina, Səudiyyə Ərəbistanı, Meksika, Polşa

D qrupu: Fransa, Avstraliya, Danimarka, Tunis

E qrupu: İspaniya, Kosta-Rika, Almaniya, Yaponiya

F qrupu: Belçika, Kanada, Mərakeş, Xorvatiya

G qrupu: Braziliya, Serbiya, İsveçrə, Kamerun

H qrupu: Portuqaliya, Qana, Uruqvay, Cənubi Koreya


mediasport.az